Xəbərlər
Fotoalbom
Bütün fotolar

Məqalələr

13.12.2011
Sərhədyanı ölkələrin turizm potensialının birləşdirilməsində arxeoloji turizmin yeri (Orta əsr Ağsu şəhəri nümunəsində) Turizm və istirahətə baxış fərqli olur. Kimsə səs-küylü, tozlu meqapolis və istidən əriyən asfaltdan sonra çimərliyə və ya meşəyə üz tutaraq burada dincəlmək istəyir.
12.07.2011
TARİXİ-NADİR Şirvan dağlarında xəzinələrin gizlədilməsi haqqında bir sira rəvayətlər dövrümüzə qədər gəlib-çatmışdır.
17.12.2010
Quba: Azərbaycanın İsveçrəsi Axırıncı dəfə 80-ci illərin ortalarında Azərbaycanda olmuş ukraynalı alim dostum Vitali Xarlamov bu yaxınlarda Azıx mağarasının kəşfinin 50 illiyi ilə bağlı keçirilən beynəlxalq elmi konfransda iştirak etmək məqsədilə yenidən Bakıya gəlmişdi. Onunla "İrsad" otelində keçirilən tədbir öncəsi görüşdük.

Ağsu Arxeoloji Ekspedisiyasının rəsmi internet səhifəsinə xoş gəlmişsiniz!

Ağsu Arxeoloji Ekspedisiyası Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Miras İctimai Birliyinin birliyinin birgə layihəsidir.

2010-cu ilin mart ayında “MİRAS” İctimai Birliyinin təşəbbüsü ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə abidədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılmışdır. Mart ayı ərzində arxeoloqlar tərəfindən orada 600 kv.m sahədə qazıntı işləri aparılmışdır. Tədqiqatlar nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə və istehsalat çıxarları, metalişləmə sənətində istifadə olunan alətlər tapılmışdır. Bütün bunlar həmin ərazidə əsasən metalişləmə sənətinin müxtəlif sahələri üzrə ixtisaslaşmış emalatxanaların mövcudluğundan xəbər verir. İçərisində qırmızı və çəhrayı rəngli boya qalıqları olan küplər və toz şəklində boyaq isə həmin ərazidə həm də boyaqçılıq emalatxanasının fəaliyyət göstərdiyinə dəlalət edir. Əldə edilmiş çoxsaylı şirli və şirsiz saxsı qab nümunələri, daş, sümük və şüşədən olan məişət və təsərrüfat əşyaları dulusçuluq, daşişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı sahələrinin geniş şəbəkəsinin mövcudluğunu təsdiqləyir. Tapıntılar içərisində digər yerlərdən gətirilmiş bir çox məişət əşyaları və bəzək nümunələri də vardır. Bunlar bəhs edilən dövrdə Ağsu şəhərinin dünyanın bir çox şəhərləri ilə ticarət və mədəni əlaqələrinin olduğunu göstərir. 

“Ağsu möcüzəsi”
14.09.2010
Sentyabr ayının 14-də Milli Azərbaycan Tarixi Muzeyində orta əsr Ağsu şəhər yerində aparılan arxeoloji qazıntının materiallarından ibarət “Ağsu möcüzəsi” sərgisi, son orta əsr şəhər probleminin öyrənilməsinə Ağsu tədqiqatlarının gətirdiyi yenilikləri əhatə edən respublika konfransı və “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı keçirilmişdir.
Saat 10.00-da “Ağsu möcüzəsi” sərgisinin açılış mərasimi oldu. Qonaqlar sərgiyə maraqla tamaşa etdilər.
Saat 11.00-da AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı giriş sözü ilə açdı.  AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Ağsu rayonu ictimaiyyəti adından Cümşüd Nuriyev, Yaşar Qarayev, akademik Teymur Bünyadov konfrans iştirakçılarını salamladılar.
Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışını təqdim etdi və “Ağsuda arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda məruzə etdi.
Tədbirdə Ağsu arxeoloji ekspedisiyasının Dostu diplomları təqdim olundu. Orta əsrlərdə Azərbaycan şəhərlərinin yerdəyişməsi problemi haqqında coğrafiya elmləri doktoru Seyran Vəliyev, Azərbaycan-Avropa əlaqələrində şüşə materialların əhəmiyyəti haqqında Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, tarix elmləri namizədi Fariz Xəlilli, Ağsuda sikkə zərbi və pul tədavülü barədə Ağsu arxeoloji ekspedisiyasının üzvü, tarix elmləri namizədi Akif Quliyev, Ağsu tapıntıları və onların etnoqrafik paralellərinə dair tarix elmləri namizədi Gülzadə Abdulova, Ağsu möcüzəsinin mahiyyəti barədə Milan Politexnik Universitetinin professoru, bərpaçı-memar Luigi Scrinzi, Ağsu qazıntılarından tapılmış metal məmulatının texnologiyası və təsnifatı haqqında Ağsu arxeoloji ekspedisiyasının üzvü, elmi işçi Elmira Abbasova, Ağsuda arxeoloji tədqiqatlar zamanı tapılmış miniatür-kaşı barədə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Ağsuda daş məmulatı və daşişləmə sənətinin inkişafı haqqında Ağsu arxeoloji ekspedisiyasının üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin aspirantı Sənan Nemətov, Azərbaycan Şərq-Qərb ticarət əlaqələrinin qovşağında (fayans və farfor materialları əsasında) mövzusunda bərpaçı-rəssam Cahangir Əhmədov, Ağsunun epiqrafik abidələri (Şəhər qəbiristanlığının XVIII əsrə aid ərəb və fars dilli kitabələri əsasında) haqqında Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, epiqraf Həbibə Əliyeva, Son orta əsrlər tarixi proseslərdə təbii amillərin rolu mövzusunda Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sevda Hüseynova, Son orta əsrlərdə şəhər sənərkarlığının inkişafı haqqında Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin bərpaçı-rəssamıDürdanə Qədirova, Ağsu rayonunun bəzi toponimlərinin mənşəyinə dair tarix elmləri namizədi Könül Əsədli çıxış etmişlər.